UEFA Çempionlar Liqasının ilk yarımfinal oyununda “Mançester Siti” doğma arenada “Real Madrid”i qəbul edib.
Görüşdə hesab artıq 2-ci dəqiqədə açılıb. Kevin de Bröyne yerli azarkeşləri coşdurub. 11-ci dəqiqədə hesab 2:0 olub. Bu dəfə Kevin de Bröynenin ötürdüyü topu Qabriel Jesus qapıdan keçirib. Bundan sonra meydan sahibləri qol vurmaq üçün bir neçə əlverişli fürsət əldə etsələr də, bundan yararlana bilməyiblər. Əvəzində Kərim Benzema Çempionlar Liqasında ardıcıl 4-cü qolunu vurmaqla qonaqları ümidləndirib. Fasiləyə 2:1 hesablı üstünlüklə yollana meydan sahibləri 2-ci hissənin əvvəlində 3-cü qolu vurublar. Fil Foden hədəfdən yayınmayıb. Amma cəmi 2 dəqiqədən sonra yenidən hesab arasındakı fərq minimuma enib. Topu meydanın özlərinə aid hissəsindən qəbul edən Vinisius Junior yüksək sürəti sayəsində rəqib qapısına kimi qaçaraq istəyinə nail olub. 74-cü dəqiqədə azarkeşlər daha bir möhtəşəm qol izləyiblər. Bu dəfə Bernardu Silva fürsəti dəyərləndirib. Amma az sonra şəhərlilərin qapısına penalti təyin edilib. Kərim Benzema Panenka zərbəsi ilə bu möhtəşəm qarşılaşmaya nöqtə qoyub: “Mançester Siti” – “Real Madrid” 4:3.
Mövsümdə 14-cü qolunu vuran fransalı forvard Robert Levandovskini geridə qoyaraq bombardirlər yarışında zirvəyə yüksəlib. O, bu toplardan 9-nu son 4 matçda, pley-offlarda rəqib qapısından keçirib. İndi Benzema bu nominasiyada rekordçu olan Kriştiano Ronaldodan cəmi 1 qol geri qalır. Qeyd edək ki, cavab görüşü mayın 4-də Madridin “Santyaqo Bernabeu” arenasında olacaq.